Mediada çıxan xəbərlərimizi, ən aktual açıqlamaları və sosial media paylaşımlarımızı buradan izləyə bilərsiniz.
23 iyun 2023-cü il tarixində InvestAZ şirkətinin yeni ofisində “Yeni yatırımlarla birgə inkişaf edək” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankın Baş Direktoru Əli Əhmədov, Milli Məclisin deputatları, ölkənin ən iri şirkətlərinin rəhbər nümayəndələri, investisiya şirkətləri, Bakı Fond Birjası və Milli Depozit Mərkəzinin nümayəndələri iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısametrajlı film təqdim edilib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, 2023-cü il - “Heydər Əliyev İli” elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün həyata keçirdiyi islahatlar, respublikanın sosial-iqtisadi, elmi-texniki potensialından istifadə edilməsi istiqamətində gördüyü işlərdən bəhs olunub. Daha sonra bu məqsədlə “Heydər Əliyev 100 il guşəsi”nin açılışı həyata keçirilib.
İki istiqamətdə keçirilmiş tədbirin birinci istiqaməti “Heydər Əliyev - 100 il və iqtisadi islahatlar irsi” mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə açan InvestAZ şirkətinin rəhbəri Elşən Quliyev sözügedən mövzunun müzakirəsinin iqtisadi proseslərə mühüm təkan verəcəyini deyib: "Mərkəzi Bankın tabeliyində olan xüsusi notlar var və bu notlar uzun illərdir bazarda fəaliyyət göstərir. Bu notların ən böyük özəlliyi odur ki, likvid alətdir və Bakı Fond Birjası tərəfindən satılır. Notlar üzrə ödənişlər alınan gündən keçən günlərin sayına görə müvafiq olaraq Mərkəzi Bank tərəfindən gəliri ilə birlikdə ödənilir. Bu il aprel ayından etibarən Mərkəzi Bank ilk dəfə bu notları həm də, hüquqi şəxslərə likvid alətlərdən istifadə etməklə satışına icazə vermişdir. İstənilən hüquqi şəxs bizim kimi investisiya şirkətlərindən hesab açmaqla alqı-satqı həyata keçirə bilərlər. Mərkəzi Bank da öz növbəsində investisiya şirkətlərindən bu məhsulun geniş tanıtımını istəmişdir. Məhz bu zərurətdən doğaraq biz bu gün bu tədbiri həyata keçiririk. Bu bizim yeni ofisimizdir, imkanlarımız genişdir. Yeni ofisimizdə “Heydər Əliyev 100 il guşəsi”ni yaratmaqda məqsədimiz Ulu Öndərin əziz xatirəsinin daim yad edilməsi, onun ölkəmizin davamlı iqtisadi inkişafına verdiyi töhfənin hər zaman xatirimizdə yaşatmaqdan ibarətdir."
Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin mühüm əhəmiyyətə malik olduğunu dedi: "Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük savaşda qazandığımız qələbə bu baxımdan mühüm əhəmiyyətə malikdir. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, eyni zamanda, qazilərimizə şəfa diləyirəm. Bu gün dövlətimiz onlara hərtərəfli qayğı göstərir. Bu qələbə bizə Qarabağamızı qaytardı. Bu gün Qarabağda gedən sürətli yenidənqurma işləri bütövlükdə ölkə iqtisadiyyatına mühüm töhfə verməkdədir. Burada, eyni zamanda, özəl şirkətlərin rəhbərləri iştirak edirlər, hesab edirik ki, bu kommunikasiya üçün gözəl imkanlar yaradır."
Daha sonra millət vəkili Rüfət Quliyev çıxış edərək Ulu Öndərin gəlişinə qədər ölkə iqtisadiyyatının iflic vəziyyətdə olduğunu dedi: "Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdandan sonra ölkəmizin iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. O zamanlar dövlət büdcəsi 200 milyonu keçə bilmirdi. İndi isə bu rəqəm 20 milyard ABŞ dollarından çoxdur. Bu həm də əsası Ulu Öndər tərəfindən qoyulan iqtisadi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini göstərir"
Daha sonra tədbir ikinci mövzu üzrə öz işini davam etdirib. “Azərbaycan Respublikasının Mərkəzi Bankının emissiya etdiyi notlara fərqli investisiya baxışı” adlı mövzusu üzrə müzakirələr keçirilib.
Məlumat üçün qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə 2023-cü ilin aprel ayından başlayaraq Mərkəzi Bankın emissiya etdiyi notların müəyyən parametrlərə uyğun gələn hüquqi şəxslərə satışına ilk dəfə icazə verilib. InvestAZ şirkəti bu təşəbbüsü yüksək həvəslə dəstəkləyir və bununla da investor bazasının genişləndirilməsi ideyasını inkişaf etdirmək istəyir. Bu yeni imkan Mərkəzi Bankın likvidliyin effektiv idarə olunmasında rolunu artırmaqla yanaşı, hüquqi şəxslərə də yeni investisiya alətlərinə yatırım fürsətləri təqdim etməkdədir.