FOREX bazarı, gündəlik təxminən 4 trilyon dollarlıq ticarət ilə dünyanın ən böyük həcmli bazarıdır. Müxtəlif şirkətlərin və dövlətlərin qiymətli kağızlarının ticarətini təşkil edən fond bazarlarından fərqli olaraq, FOREX bazarı mərkəzləşdirilməmişdir. Bazarı qatlar şəklində təsəvvür etsək, ən önəmli iştirakçılar ən yuxarı qatdadır və burada vacibiyyət yuxarıdan aşağıya doğru azalaraq gedir. Bazar çox böyük olduğu üçün hər hansı bir qurumun onu manipulyasiya etməsi də çox çətindir. Bəs bu qədər böyük ticarət həcmli bazarın əsas iştirakçıları kimlərdir və onların bazarda rolu nədən ibarətdir?
Mərkəzi Banklar
Hökumətlər valyuta bazarlarında əsasən mərkəzi bankların fəaliyyəti ilə aktivdir. Mərkəzi banklar, FOREX bazarında son dərəcə əhəmiyyətli iştirakçılardır. Onların açıq bazar əməliyyatları və faiz siyasəti valyuta nisbətlərinə çox böyük təsir göstərir.
Mərkəzi bank, öz yerli valyutasının qiymətini FOREX-də təyin etməkdən məsuldur və həmin valyutanın açıq bazarda ticarət edəcəyi məzənnəni müəyyən edir.
Valyuta bazarında mərkəzi bank tərəfindən edilən hər hansı bir hərəkət, bu ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini sabitləşdirmək və ya artırmaq üçün edilir. Mərkəzi banklar (həmçinin spekulyatorlar) valyutalarını bahalaşdırmaq və ya dəyərdən salmaq üçün valyuta müdaxilələri (intervensiyalar) edə bilərlər. Məsələn, mərkəzi bank uzun müddətli deflyasiya tendensiyaları dövründə əlavə təklif yaratmaqla öz valyutasını zəiflədə bilər və bunu xarici valyuta almaq üçün istifadə edə bilər. Bu faktiki olaraq yerli valyutanı zəiflədir, dünya bazarına ixracatı daha rəqabətli edir.
Mərkəzi banklar inflyasiyanı sakitləşdirmək üçün bu strategiyalardan istifadə edirlər. Onların bunu etməsi həm də foreks treyderləri üçün uzunmüddətli bir göstərici kimi xidmət edir.
İnvestisiya menecerləri və Hedc Fondlar
İnvestisiya menecerləri, Birləşmiş Fondlar və Hedc Fondlar, banklar və mərkəzi bankların yanında FOREX bazarında ikinci ən böyük iştirakçı toplusunu təşkil edir. İnvestisiya menecerləri pensiya fondları, digər fondlar kimi böyük hesablar üçün valyuta ticarət edirlər.
Beynəlxalq portfelli investisiya meneceri xarici qiymətli kağızlarla ticarəti valyuta alış/satışı vasitəsilə həyata keçirməlidir. İnvestisiya menecerləri spekulyativ foreks ticarəti də edə bilər, lakin bəzi hedc fondların investisiya strategiyasının əsas hissəsini spekulyativ valyuta ticarəti təşkil etməkdədir.
Transmilli Korporasiyalar
İdxal və ixrac ilə məşğul olan firmalar mal və xidmətlərin ödənişi üçün foreks əməliyyatları aparırlar. Amerikadan məhsul detalları idxal edən və hazır məhsullarını Çində satan bir Alman günəş paneli istehsalçısının nümunəsinə baxaq. Son satışdan sonra istehsalçının aldığı Çin yuanı yenidən avroya çevrilməlidir. Alman firması daha sonra Amerikadan daha çox detal almaq üçün avronu dollara dəyişməlidir.
Şirkətlər xarici valyuta ilə bağlı riskləri qorumaq üçün foreks ticarətini həyata keçirirlər. Eyni Alman firması spot bazarda Amerika dolları ala bilər və ya xarici valyuta riskini azaltmaq üçün Amerika şirkətindən detallar satın almadan əvvəl dollar almaq üçün valyuta mübadiləsi müqaviləsi (Currency SWAP agreement) bağlaya bilər.
Əlavə olaraq, valyuta riskindən qorunmaq üçün hedcinq əməliyyatları, ofşor investisiyaların təhlükəsizliyini artıra bilər.
Fərdi investorlar
Fərdi investorlar tərəfindən edilən foreks əməliyyatlarının həcmi maliyyə qurumlarının və şirkətlərin həcminə nisbətən son dərəcə aşağıdır. Lakin onlar arasında da foreks əməliyyatları populyarlığı sürətlə artır. Fərdi investorların valyuta ticarəti fundamental amillərin (bunlara faiz, inflyasiya dərəcələri və monetar siyasət gözləntiləri və s. aid ola bilər) və texniki amillərin (bunlara dəstək, müqavimət, texniki göstəricilər, qiymət nümunələri və s. aid ola bilər) birləşməsinə əsaslanır.
FOREX-in dünyanın ən böyük bazarı olmasının əsas səbəbi – Mərkəzi Banklardan tutmuş pərakəndə investorlara qədər hər kəsə qlobal iqtisadiyyatla əlaqəli valyuta dalğalanmalarından mənfəət əldə etməyə imkan yaratmasıdır. Valyuta ticarəti və hedcinqi üçün istifadə edilə bilən müxtəlif strategiyalar var, məsələn, araqazanc ticarəti (carry trade), bu Forex oyunçularının qlobal iqtisadiyyata necə təsir etdiyini göstərən ticarətdir.
Ümumiyyətlə, Forexdə ticarət səbəbləri müxtəlifdir. Banklar, maliyyə qurumları, hedc fondlar və fərdi investorlar tərəfindən həyata keçirilən spekulyativ ticarət mənfəət məqsədlidir. Mərkəzi bankların monetar siyasəti, valyuta mübadiləsi rejimi qurma və nadir hallarda valyuta müdaxilələri foreks bazarlarını kəskin hərəkətə gətirir. Korporasiyalar qlobal biznes əməliyyatlarını rahat həyata keçirmək və riskdən qorunmaq üçün valyuta ticarəti edir.