X

Coca-Cola səhmləri ilə milyonerlər şəhərinə çevrilən Quincy

Böyük Depressiya – dünya tarixində 1929-cu ildən 1939-cu ilə qədər davam edən ən pis iqtisadi tənəzzül idi. O, 1929-cu ilin oktyabrında Uoll Striti təşvişə salan və milyonlarla investoru məhv edən birja böhranından sonra başladı. Sonrakı bir neçə il ərzində istehlak xərcləri və investisiyalar azaldı, uğursuz şirkətlər işçilərini ixtisar etdiyi üçün sənaye məhsulunun və məşğulluğun kəskin azalmasına səbəb oldu. 1933-cü ilə qədər, Böyük Depressiya ən aşağı nöqtəyə çatdıqda, təxminən 15 milyon amerikalı işsiz qalmış və ölkənin banklarının təxminən yarısı iflasa uğramışdı. 

Böyük Depressiyasının ortasında Pat Munro adlı bir bankir insanların bir şüşə Coca-Cola almaq üçün son nikellərini belə xərclədiklərini gördü. O zaman Coca-Cola şirkətinin səhmləri isə olduqca ucuz idi. Munro nəinki çoxlu Coca-Cola səhmlərinə sərmayə qoydu, o, Florida ştatında yaşadığı  kiçik Kuinsi şəhərində, qonşularının çoxunu bunu etməyə çağırdı. O, etibarlı bankir idi və insanların çoxu onun məsləhətinə əməl edirdi. 

Munronun müşahidəsi doğru oldu: Cola səhmləri, hətta bazarın aşağı düşdüyü vaxtlarda belə Kuinsi şəhərini Böyük Depressiyanın ən pis vəziyyətindən xilas etdi. Kənd təsərrüfatından və məhsuldarlıqdan asılı olan şəhər çətin günlərdə Coca-Cola dividendləri ilə ayaqda qala bildi. Hətta Kuinsi bütün ABŞ-da adambaşına düşən gəlir hesabına ən zəngin şəhər oldu və onun ən azı 67 sakini “Coca-Cola milyonçuları” adlandırıldı. 

Bu gün Kuinsi 7000-dən az əhalisi olan sakit bir şəhərdir, lakin diqqətlə baxsanız kiçik şəhərdə nəhəng Coca-Cola irsinin əlamətlərini tapa bilərsiniz. Hətta orada yaşamağa davam edən Coca-Cola milyonçularının nəvələrinə də rast gələ bilərsiniz. 

Categories: Məqalələr
InvestAZ:
Related Post